Hava

Partlycloudy30 ˚C

Clear30 ˚C

Clear28 ˚C

Chancerain27 ˚C

Clear30 ˚C

Clear27 ˚C

Chancerain22 ˚C

Clear30 ˚C

Cavid Vəliyev: “Qarabağda hər an müharibə yenidən başlaya bilər”

Şrift ölçüsü Plus Minus - Müsahibə
Cavid Vəliyev
Cavid Vəliyev

Gün.Az-ın Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Türkiyə məsələlər üzrə aparıcı elmi işçisi, politoloq Cavid Vəliyevlə müsahibəsi:

- Cavid bəy, sizcə, ABŞ-ın Azərbaycandakı səfiri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvonun qəbuledilməzliyi ilə bağlı açıqlamasında nəyi nəzərdə tutur?
 

- Status-kvo hazırkı vəziyyətin davam etməsi deməkdir. Hazırkı vəziyyət Azərbaycan torpaqlarının işğal altında olmağı, sülh müqaviləsinin imzalanmadığı, Qarabağ məsələsinin həll olunmadığı müharibə vəziyyətidir. Hər an müharibə yenidən başlaya bilər.
 
Hazırkı vəziyyət Ermənistanı regiondan təcrid olunmağı mənasına gəlir. Regional səviyyədə əməkdaşlıq yoxdur, Türkiyə-Ermənistan və Azərbaycan Ermənistan sərhədləri bağlıdır və Ermənistanın Rusiyadan və İrandan asılılığı davam edir. Nəticədə Ermənistan ABŞ tərəfindən yaradılan dünya sistemi ilə bütünləşə bilmir.
 
Hər iki şərait ABŞ-ın Cənubi Qafqazda görmək istəmədiyi vəziyyətdir. Bu status-kvonun dəyişməsi üçün Qarabağ məsələsi həll olunmalıdır.
 
- Xüsusilə, ABŞ nədən narahatdır və bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli rəsmi Vaşinqton üçün əsas prioritet təşkil edirmi?
 
- ABŞ-ı narahat edən məsələlərdən yuxarıda bəhs etdik. Lakin Qarabağ məsələsinin həllinin ABŞ üçün prioritet təşkil etdiyini düşünmürəm. Hər şeydən əvvəl ABŞ üçün onun milli maraqlarına birbaşa təsir göstərən məsələlər prioritetdir. İraq, Əfqanıstan, İran, İsrail, Avropada iqtisadi böhran, Çin, Hürmüz Boğazında vəziyyət və neft. Hətta Obamanın Prezident olduğu dövrlərdə ABŞ-ın bu regionda rolu olduqca azalıb. Demək olar ki, ABŞ Obama dövründə bu regionu Rusiyaya tərk etmiş kimi görünür. Bu məsələdə bir çox ekspertlə eyni fikirdə olduğumuzu düşünürəm.
 
- Ümumiyyətlə, Azərbaycan Amerikanın bölgə siyasətində hansı rolu oynayır və Vaşinqton üçün Azərbaycanın önəmi nədən ibarətdir?
 
- ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq sahələrinə baxanda Azərbaycanın ABŞ üçün hansı sahələrdə əhəmiyyətli olduğunu demək olar. Enerji, enerji xətləri və Xəzər dənizi təhlükəsizliyi və Əfqanıstan üçün koridor məsələsi. Bu sıralamanı Mety Brayzanın və ABŞ-ın digər rəsmi vəzifəli şəxslərinin açıqlamalarında görmək mümkündür.
 
Azərbaycan enerji ehtiyatları ABŞ-ın müttəfiqi Avropa İttifaqı üzvü ölkələr üçün alternativ enerji mənbəyidir. Azərbaycan eyni zamanda Mərkəzi Asiya enerji ehtiyatlarının Avropaya çatdırılması üçün rotadır. İran və Rusiyanı regiondan təcrid etmə siyasətini izləyən ABŞ və Avropa bu mənada Azərbaycana üstünlük verir.
 
Azərbaycan ABŞ-ın Əfqanıstana uçan təyyarələri üçün koridordur. Brazyanın verdiyi məlumata görə, il ərzində 5 min ABŞ təyyarəsi Əfqanıstana qeyri-hərbi yük daşıyır. Bu mənada Azərbaycan ABŞ-ın Əfqanıstan yolu üçün alternativ rotadır. Belə ki, 2008 Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya ilə ABŞ arasında bu məsələdə fikir ayrılığı ortaya çıxmışdı.
 
Bundan başqa ABŞ Xəzər və Azərbaycan üstündən Rusiya-İran arasındakı yük daşımalara da əhəmiyyət verir. Əlbəttə bunu bir çox ekspertin iddia etdiyi kimi ABŞ kəşfiyyatının Azərbaycan üstündən İrana qarşı fəaliyyəti olaraq başa düşməmək lazımdır.
 
Gürcüstanın de-fakto müstəqilliyini qorumaq üçün Azərbaycan mühüm rol oynayır və bunun özü də ABŞ üçün vacib bir məsələdir. Nəticədə Azərbaycan cənubi Qafqazın geopolitik oyunçusu olaraq ABŞ-ın region siyasəti üçün əhəmiyyətli rol oynayır.
 
Elnur Eltürk
Gün.Az

URL: http://www.gun.az/interview/25220

Baxışların sayı: 1152

Xəta barədə xəbər vermək

Printer
Digər Xəbərlər
X

Digər Xəbərlər