2 Avqust 2014 | 11:30
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Bu gün Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçirilib - Yenilənib

Gün.Az-ın verdiyi xəbərə görə, bu gün Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçirilib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun şəksiz lider dövlətinə çevrilmişdir. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin möhkəmlənməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır.
 
Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur. Bunu iyulun 5-də Bakıda öz işinə başlayan Dünya azərbaycanlılarının III qurultayında iştirak etmək üçün paytaxta gələn qonaqların hamısı etiraf edirlər.

Dünya azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə keçirilmişdir. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur.

Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasına ciddi təsir göstərmişdir. Həmin qurultayda ulu öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı dillər əzbəri olmuşdur.

Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirmişdir.

Ulu öndərimiz xaricə səfərləri zamanı iş cədvəlinin zənginliyinə və gərginliyinə baxmayaraq mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmış, tövsiyələrini vermişdir.

Ümummilli liderimizin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev də ulu öndərin bu siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirilmişdir. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuşdur.

Bir il sonra - 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşmüşdür.

Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalamışdır.

Həmin il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir.

Beləliklə, dövlətimizin diaspor siyasəti xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə özünün yeni mərhələsinə qədəm qoymuşdur. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər.
Hazırda dünyanın əksər ölkələrində Azərbaycan icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı isə özünün çoxşaxəli fəaliyyəti ilə əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr, həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

Bu meyil Avropa ölkələrində də özünü yüksək səviyyədə göstərir. 2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirilmişdir. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan gəncliyi Dövlət Proqramına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin keçirdiyi bu tədbirdə 25 ölkədən azərbaycanlı gənclər, 41 diaspor təşkilatının rəhbərləri iştirak etmişlər. Konqres xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuq işinə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması yönündə daha bir mühüm addım olmuşdur.

Bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır. Ona görə də harada yaşadığımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir. İndi sürətlə inkişaf edən ölkəmiz bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsəd naminə səfərbər edirlər.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında bu il yanvarın 21-də imzaladığı Sərəncama uyğun olaraq keçirilən Dünya azərbaycanlılarının III qurultayında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları Bakıya gəlmişlər.

İyulun 5-də Heydər Əliyev Sarayında Dünya azərbaycanlılarının III qurultayı öz işinə başladı.

Qurultaydan əvvəl çoxsaylı nümayəndələr səhər tezdən Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Onlar ulu öndərin xatirəsini dərin ehtiramla anaraq, abidəsi önünə əkil qoydular, gül-çiçək dəstələri düzdülər.

Sonra qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər qoydular.

Daha sonra qurultay nümayəndələri Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini böyük ehtiramla yad etdilər. Onlar şəhid məzarları üzərinə güllər düzdülər, “Əbədi məşəl” abidəsi önünə tər çiçəklərdən hörülmüş əklil qoydular.

Qurultay nümayəndələri şəhid türk əsgərlərinin xatirə abidəsini də ziyarət etdilər və əklil qoydular.

Heydər Əliyev Sarayının foyesində Azərbaycan diasporuna dövlət qayğısını əks etdirən fotosərgi təşkil edilmişdir. Stendlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ötən qurultaylarda və müxtəlif dövrlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərində çəkilmiş fotoşəkillər, milli diasporumuzun inkişafı ilə bağlı imzalanmış fərman, sərəncam və qanunların nüsxələri, diaspor quruculuğundan, respublikamızın sosial-iqtisadi inkişafından, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edən kitablar və jurnallar, milli adət-ənənələrimizi, mədəniyyətimizi təbliğ edən videomateriallar nümayiş etdirilirdi.

Foyedə Ermənistanın Azərbaycana hərbi təcavüzündən, xalqımıza qarşı törətdiyi soyqırımı siyasətindən, həmçinin Milli Təhlükəsizlik Nazirliyinin, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının hazırladığı materiallardan ibarət fotosərgi də təşkil olunmuşdu.

İştirakçıların hər birinə III qurultaya aid materiallar, Azərbaycan haqqında məlumatlar paylandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qurultayda iştirak etmək üçün saraya gəldilər.

Qurultay nümayəndələri və qonaqlar dövlətimizin başçısını və xanımını hərarətlə, sürəkli alqışlarla qarşıladılar.

Salonda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan diasporu ilə bağlı müdrik kəlamları yazılmış transparantlar asılmışdı.

Məlumat verildi ki, aparılmış qeydiyyatın nəticələrinə görə qurultayın işində dünyanın 42 ölkəsindən seçilmiş 600 nümayəndədən 579 nəfəri, habelə dünyanın 30 ölkəsindən 211 nəfər qonaq qismində iştirak edir. Qurultayda Azərbaycan Respublikası 677 nümayəndə və 405 nəfər qonaqla təmsil olunur. Ümumilikdə 1872 nəfər qeydiyyatdan keçmişdir. Yetərsay vardır. Qurultay öz işinə başlaya bilər.

Dünya azərbaycanlılarının III qurultayı açıq elan edildi.

Azərbaycan Respublikasının dövlət himni əzəmətlə səsləndi.

Qurultay iştirakçıları dünya azərbaycanlılarının təşkilatlanması, ümumi məqsəd və vahid azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün tarixi xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad etdilər.

Sonra “Gücümüz birliyimizdədir!” sənədli filmi nümayiş etdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev qurultayda geniş nitq söylədi.

Daha sonra, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, redaksiya komissiyasının sədri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekov, Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze, Türkiyə Respublikası Nazirlər Kabineti yanında xaricdə yaşayan türklər və qohum topluluqlarla iş üzrə başqanlığın sədri Kamal Yurtnac, Rusiya Elmlər Akademiyasının akademiki Vladimir Kolesnikov, Moldovanın Qaqauz Yeri Başqanı Mixail Formuzal, “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqal, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür və başqaları tədbirdə çıxış etdilər.

Dünya azərbaycanlılarının III qurultayının proqramı və reqlamenti təsdiq edildi, işçi orqanları yaradıldı.

Bununla da Dünya azərbaycanlılarının III qurultayı bağlı elan edildi.

Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək