22 Sentyabr 2014 | 03:10
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Ayın 13-ü və Cümə günü: Maraqlı faktlar

13 rəqəminin Cümə günü ilə üst-üstə düşməsi barədə bir sıra fikirlər səsləndirilir.

Miladi təqvimlə sentyabrın 13-ü cümə günüdür.

Bir çoxlarınız təəccüblə deyəcəksiniz ki, bunu hamımız bilirik, burada qəribə nə var ki?!

Bəli, qəribəlik var. Bir çox mədəniyyətdə və inancda 13-cü cümənin uğursuzluğuna inanırlar. Cümə günü ayrılıqda müqəddəs və 13 rəqəmi də ayrılıqda kifayət qədər uğursuzdur. Yaxşı bəs birləşsələr? Ayın 13-cü gününün cümə gününə təsadüf etməsi ilə bağlı bir çox fikirlər irəli sürülməkdədir. Bununla bağlı teoloqlar, astroloqlar, tarixçilər, tədqiqatçılar və sadə insanlar müxtəlif versiyalar irəli sürürlər. Biz də bu qəribəliklərin səbəb olduğu həmin günü yaşamaqdayıq.

İndi isə söhbəti çox uzatmadan mövzu ətrafında səsləndirilən tarixi rəvayətləri, fikirləri və münasibətləri nəzərinizə çatdırmaq istəyirəm.

Əvvəlcə 13-cü cümə günündən qorxanlara verilən “paraskevidekatriaphobia” (13-cü cümədən qorxmaq) sözünün mənşəyini araşdıraq. Bu söz yunanca “cümə” mənasını verən Paraskeví (Παρασκευή), “on üç” mənasını verən dekatreis (δεκατρείς) sözlərinin “fobi” mənasını verən phobía (φοβία) sözünə əlavə olunmasıyla ortaya çıxır. Nəticədə “paraskevidekatriaphobia” anlayışı ortaya çıxır.

İndi isə bu sözün haradan ortaya çıxdığı və ya bu hadisələrə aid edildiyinə baxaq. Hər nə qədər 13-ün uğursuzluğu Xristianlıq dinin əvvəlinə söykənsə də, birincisi İsa peyğəmbərin son yeməyində masada 13 adam vardı.

İkincisi isə Skandinaviya mifologiyasına görə Valhallada verilən bir ziyafətə dəvət edilməyən iki buz divinin oğlu Loki istənməsə də məcburən gəlmişdi və beləcə masada 13 adam olmuşdu. Daha sonra da tanrılar tanrısı, külək və müdriklik tanrısı Odin ilə ana tanrı tərəfindən Friggin oğulu, ən sevilən tanrı Balder qətl edilmişdi.

Rəvayətə görə hekayə belə idi: Valhalladakı ziyafətə 12 tanrı dəvət edilmişdi və pis tanrı Loki qonaqlığa dəvətsiz olaraq gedərək qonaq sayını 13-ə yüksəltmişdi. Loki, Odin və Friggin oğlu qış tanrısını Hodu Balderə hücum etməsi üçün təhrik etmişdi. Hod Lokinin verdiyi bağambürcdən edilmə mizrağı qapdığı kimi əmrə itaət edərək Balderə atmışdı. Balder isə orada ölmüşdü. Bütün Valhalla kədərə qərq edilmişdi. O gündən sonra da ziyafətlərə 13 adamın gəlməsi uğursuzluq olaraq qeyd edilmişdi.

Davam edək... İndi isə numerologiya ilə məşğul olanların rəqəmlərlə bağlı bəzi fikirlərini bilmək də maraqlı olardı. Numeroloqların fikrincə elə rəqəmlər var ki, xüsusi əhəmiyyətə malikdir. 666, 13, 7, 11, 9 və s. bu kimi rəqəmlərin özünəməxsus sirləri var. Çoxumuz rəqəmlərin sirrinə inanır və bu inanclardan həyatımızda da istifadə edirik. Məsələn, insanlar maşın, ev, telefon nömrələrini eyni seçərək, bunu sınayırlar. Və yaxud, hər hansı bir rəqəmi özümüz üçün seçir və bunun uğur gətirəcəyinə inanırıq.

Kornemusun “Mistik fəlsəfə” əsərinə görə:
1 - məqsəd rəqəmi
2 - ziddiyyətli rəqəm
3 - dəyişkənlik bildirən rəqəm
4 - davamlılıq və möhkəmlik bildirən rəqəm
5 - risk rəqəmi
6 - etibarlılıq rəqəmi
7 - sirli rəqəm
8 - maddi cəhətdən uğurlu
9 - ümumi uğur rəmzi
10 - qanun rəqəmi
11 - bütün gizli elmlərdə “yaramaz”, qanundankənar və cinayətkar
12 - bütövlük
13 - nəhs rəqəmləri adlandırılır.

Belə rəqəmlərə misallar (666, 007 və sair rəqəmlər) çəkmək olar.

Şübhəsiz ki, bu rəqəmlər içərisində daima ən çox diqqət mərkəzində olanı 13-dür. Çoxumuz rəqəm kimi qəbul edirik. Ayın 13-ü olanda həyəcanlı olur, 13-cü olmaq istəmirik. Bəzi inanclara görə 13 ölüm rəqəmidir. Yer əhlinin böyük hissəsi inanır ki, ayın 13-ü və həftənin cümə günlərinin üst-üstə düşməsi fəlakət və uğursuzluq gətirir.

Ayın 13-nün cüməyə təsadüf etməsi hələ qədimdən mistik məna daşıyıb. Bu günün mistik cazibəsi insanlara indi də rahatlıq vermir. Bəzi inanclara görə, ayın 13-ü cüməyə düşəndə qaniçənlər, əcinnələr və s. şeytani qüvvələr bir yerə yığışıb iblislər məclisi, şabaş keçirirlər. Gecə yarısı olanda isə onlar dəhşətli əməllər törədirlər.

Bu xurafata inamın güclü olmasına görə keçmişdə ayın 13-ü cüməyə düşəndə toy etməz, gəmilər limanlardan ayrılmaz, heç bir saziş bağlanmazmış. Hətta insanlar evdən bayıra çıxmamağa çalışıblar.

“Bəzi versiyalara görə, 13-ü cümənin nəhs sayılması İsa peyğəmbərlə bağlıdır. Onu məhz ayın 13-də, cümə günü çarmıxa çəkiblər. Üstəlik, peyğəmbəri satan mürid İuda gizli gecədə keçirilən toplantıda 13-cü iştirakçı olub.

Bundan başqa İngiltərədə binalarda 13 saylı mənzil, kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kürsü də qoyulur, ona maneken oturdulur, qarşısına hətta yemək-içmək də qoyurlar. Almaniya, Avstriya və Skandinaviya ölkələrinə məxsus hava yolları şirkətlərinin təyyarələrində 13 saylı kreslo olmur.

Bəzi Avropa ölkələrində evlərin nömrələrində 12-dən sonra 14 gəlir. Heç bir yerdə 13 rəqəmli ev olmur. Kinoteatr, təyyarə oturacaqlarında da 13 rəqəminə rast gəlinmir.

Amerikada aparılan tədqiqatlarda 21 milyona yaxın insan arasında sorğu keçirilib. Bu insanların 97%-i cümə günü və 13 rəqəmindən qorxduqlarını deyiblər. Araşdırmalar göstərib ki, inanan insanlar həmin gün bütün işlərini təxirə salır və evdən çıxmırlar. Bu cümə günündə insanların inanclarının nəticəsi olaraq Amerika iqtisadiyyatına hər dəfə 800-900 milyon dollar zərər dəyir.

Satanistlərin inancına görə isə həmin gün şeytan bütün zəncirləri qırır, insanlar arasında qanlı faciələr törədir.

Mən bu inancların doğru və yalan olduğuna qarışmıram. Bu insanların inancı ilə bağlıdır. Kim necə istəyirsə elə də inanır. Sadəcə olaraq münasibətləri bildirirəm, mövzudan nəticə çıxarmaq isə sizin öz şəxsi məsələnizdir. Yəni ki, seçiminizdə azadsınız.

Ümumiyyətlə yuxarıda qeyd edilən hekayələrə misallar çoxdur. Amma adından da göründüyü kimi hekayədir.

Bəs reallıq necədir?

Bu qədər hekayələr arasında reallığı tapmaq və buna inanmaq bir az çətin olsa da bu barədə teoloq və astroloqun fikrini öyrənməyə çalışdım.

Astroloq Səbuhi Rəhimlinin fikrincə, rəqəmlərin astrologiyada böyük rol oynamasına baxmayaraq hansısa rəqəmin hansısa günə mistik təsiri yoxdur və bunlar absurd bir fikirlərdir.

“Bunlar daha çox Xristian inancından irəli gəlir. Onlar bununla bağlı bir neçə versiyalar səsləndirsələr də əsas məsələnin Konstantinopolun işğalı ilə əlaqələndirirlər. Məlumdur ki, 1453-cü ildə bu hadisə baş verəndən sonra Xristian aləmində ayın 13-ü cümə gününü çox mənfi dəyərləndirirlər. Amma bütün bunlarla yanaşı bu düşüncələr həm Azərbaycanda, həm də ümumilikdə İslam dinində qəbul edilmir” – deyə, S.Rəhimli bildirib.

Astroloq bu barədə səsləndirilən rəvayətləri xurafat adlandırıb və bunların heç birinin nə dini, nə də elmi əsasının olmaması səbəbindən tamamilə təkzib etdiyini söyləyib.

Mövzu ilə əlaqədar Məşədi Dadaş məscidinin axundu, teoloq Hacı Şahin Həsənlinin fikirlərini öyrənmək də maraqlı oldu.

Axund deyir ki, dini nöqteyi-nəzərdən belə fikirlərin heç bir əsası yoxdur.

“İslam dini ağıla və məntiqə söykənən bir dindir. Günlərin pis əlamətlərin simvolu və ya nəhs hesab edilməsi dinimizdə yoxdur. İstər peyğəmbərim, istərsə də imamlarımız öz zamanlarında belə fikirlərin yayılmasına qarşı çıxıblar” – deyə, H.Şahin bildirib.

Bəzi xristian alimləri İslam dinində müqəddəs gün kimi qeyd edilən cümə gününə mənfi don geyindirməyə çalışdığını bildirən axund sözlərinə əlavə edib ki, bu həm də hansısa düşmənçilikdən doğan bir haldır.

“Mən birmənalı şəkildə bildirirəm ki, 13 rəqəminin heç bir nəhslə əlaqəsi yoxdur”.

Mövzu ilə əlaqədar olaraq teoloq və astroloqun da fikrini sizlərə çatdırdım. İndi isə “sözümün mustafası”...

Həyatınızı rəqəmlərlə və ya hansısa inanclarla uyğunlaşdırmaqdansa çalışın daha çox məntiqi əsaslara söykənin. Kimlərinsə gələcəklə bağlı öncəgörmələrinə inanmaq, hansısa günlərin xeyir və ya şərlə əlaqəli rəvayətlərə əməl etmək xurafatdan başqa bir şey deyil. Bu vaxta qədər dünyanın dağılması ilə bir çox tarixlər açıqladılar. Amma nəticədə hələ də yaşayırıq.

Elə isə mənim əzizlərim, çalışaq bir az real olaq.

Fərid Ədalət
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər