Nuriyyə Əhmədova Mərdəkanda övladlarının yanında dəfn olunacaq - Yenilənib - Fotolar
Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova bu gün səhər saatlarında dünyasını dəyişib.
11:03
Gün.Az-ın məlumatına əsasən, aktrisa oktyabrın 9-da 15:35-də ürəyin işemik xəstəliyi diaqnozu ilə 1 saylı Klinik Şəhər Xəstəxanasına daxil olub.
Xəstəxanadan saytımıza bildiriblər ki, N.Əhmədova bu gün səhər 04:30-da kəskin miokard infarktından dünyasını dəyişib.
Əməkdar artist, Musiqili Teatrın solisti Nahidə Orucova Gün.Az-a açıqlamasında bildirib ki, mərhumun nəşi bu gün səhər xəstəxanadan götürülərək, məsçiddə yuyulub, daha sonra isə bacısının Mərdəkandakı evinə aparılıb:
“Nuriyyə Əhmədova günorta saatlarında Mərdəkanda ailə məzarlığında- atasının-anasının və övladlarının yanında dəfn olunacaq”.
N.Orucova bildirib ki, hazırda mərasimdə Mədəniyyət və Turizm Nazirliyindən nümayəndə yoxdur.
Qeyd edək ki, Nuriyyə Əlağa qızı Əhmədova 1950-ci il dekabrın 26-da Bakıda anadan olub.
Bəstəkar Tofiq Bakıxanovun xeyir-duası ilə Musiqili Komediya Teatrına işə qəbul edilən aktrisa burada “Məmmədəli kurorta gedir”, “Toy kimindir” tamaşalarında rol alıb. Onun istedadını görən teatrşünas Cabir Səfərov ona İncəsənət İnstitutuna daxil olmağı tövsiyə edir. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət institutuna daxil olan Nuriyyə Əhmədova teatrda işləyə-işləyə 1974-cü ildə burada təhsilini müvəffəqiyyətlə başa vurur.
Nuriyyə Əhmədovanın kinoya ilk gəlişi 1982-ci ildə “Mozalan” süjetlərində çəkildikdən sonar olub. Bir çox filmlərdə maraqlı obrazlar yaradan Nuriyyə xanım “Bağ mövsümü”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, Evlənmək istəyirəm”, “Fransız”, “Hər şey yaxşılığa doğru”, “Kişi sözü”, “Yuxu”, “Zirzəmi”, “Yoxlama” və onlarca müxtəlif xarakterli obrazlara kino həyatı bəxş edib.
09:30
Gün.Az xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının aktyoru Əjdər Dadaşov özünün "Facebook" profilində məlumat verib.
"10 oktyabrda aldığım pis xəbər - Azərbaycanın xalq artisti, övlad acısı çəkən Nuriyyə Əhmədovamızı səhərə yaxın, saat 4-də itirdik. Allah rəhmət eləsin!".
Xatırladaq ki, 65 yaşlı Nuriyyə Əhmədova bu ilin yanvar ayında beyin-qan dövranı pozğunluğu diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Xəstəxanada müalicə olunduqdan sonra o, Maştagadakı bağ evində həkim nəzarətində dincəlirdi.
Allah rəhmət eləsin!
Aytən Həsənova
Gün.Az
Digər Xəbərlər
-
Cavanşir Məmmədovun 100 illiyinə həsr olunmuş xatirə gecəsi - Fotolar -
Cüzeppe Verdinin “Traviata” operası Akademik Opera və Balet Teatrının səhnəsində -
Ürək xəstəliyindən əziyyət çəkən xalq şairini həkimlər evə buraxmır -
Bakıda növbəti Avropa film festivalı başlayır -
“Qatil” bədii filminin təqdimat mərasimi keçirilib - Fotolar -
Bakı Beynəlxalq Caz Festivalı 2015 başlayır -
Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olunacaq -
"Sehirli xalat", yoxsa “50 illik sehr”? - Fotolar -
VII Beynəlxalq Uşaq Muğam Festivalı başlayır -
Azərbaycanın turizm potensialı beynəlxalq sərgilərdə nümayiş olunacaq - CƏDVƏL